FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildirir ki, qida sahəsində həyata keçirilən auditlər – reydlər, yoxlamalar, idxal-ixrac, baytarlıq və fitosanitar şəhadətnamələr, sertifikatlar, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləşmə prosesi zamanı istənilən qanunsuz tələblər, yaxud sui-istifadə halları ilə rastlaşdıqda öz qanuni mənafelərini müdafiə etməklə vətəndaş mövqeyi ortaya qoyaraq, AQTA-nın 1003 – Çağrı Mərkəzinə dərhal məlumat versinlər.
Eləcə də bax: Ötən ay Azərbaycanda 20 nəfər - QİDADAN ZƏHƏRLƏNİB
“Qida təhlükəsizliyi” anlayışının əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri – sahibkarları, istehlakçıları, eyni zamanda hər bir vətəndaşı sosial məsuliyyətdən irəli gələn əsl vətəndaş mövqeyi ortaya qoymağa, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdə aktiv iştiraka dəvət edir.