Kartofun qonur çürüməsi xəstəliyi tropik, subtropik və mülayim iqlim qurşaqlarının hakim olduğu bölgələrdə geniş yayılıb. Xüsusilə 1980-1990-cı illərdə Şimali Avropada kartof bitkisinin istehsalını artırmaq üçün suvarmanın normadan artıq tətbiqi xəstəliyin suvarma yolu ilə daha çox yayılmasına səbəb olub.
Eləcə də bax: 1 hektar kartof sahəsini sığorta etmək neçəyədir? – MƏBLƏĞLƏR
AQTA-dan FED.az-a verilən məlumata görə, kartofun qonur çürüməsi 200-dən çox bitki növünü yoluxdura bilir. Lakin dünyada iqtisadi əhəmiyyət kəsb edən əsas sahib bitkilər kartof, pomidor, banan, tütündür. Eyni zamanda xəstəliyin rast gəlindiyi bitkilərə badımcan, bibər, pambıq, araxis, gənəgərçək, zəncəfil və s. misal göstərmək olar. Bir çox alaq otları, məsələn, acıtəhər quşüzümü kimi bitkilər xəstəliyə yoluxa bilən bitki olmaqla, patogenin yayılma potensialını artırır.
Xəstəliyin erkən mərhələsi özünü gündüz vaxtı yüksək temperatur şəraitində zoğun yuxarı hissəsindəki yarpaqların solması və gecələr turqorun bərpa olması ilə büruzə verir. Bəzən yalnız bir zoğ solur, lakin çox vaxt solma prosesi bütün bitkini əhatə edir və bu proses o qədər sürətlə gedir ki, bəzi zədələnmiş zoğlar ilkin rəngini qoruyub saxlayır və yalnız sonradan qonur rəng alırlar. Xəstəlik inkişaf etdikcə torpaq səthindən təqribən 2,5 sm hündürlükdə gövdə qonurlaşır, yarpaqlar tunc rəngi alır. Bitkinin gövdəsi üzərində və yarpaqların damarcıqlarında uzunsov zolaqlar görünür. Rəngi solmuş bitkinin gövdəsinin en kəsiyində borulu toxuma qonurlaşa, kəsiyin səthindən isə qonur südəbənzər maye çıxa, ya da saplağı sıxarkən asanlıqla axa bilər.
Yüksək temperatur və rütubətlilik xəstəliyin daha da inkişafına səbəb olur. Bakteriyalar suvarma suyu, yoluxmuş şitillər, istifadə edilən avadanlıq və maşınlardakı qalıqlar vasitəsilə yayılır. Xəstəliyin törədicisi gövdədəki və köklərdəki zədələnmiş hissələrdən də, eləcə də stolonlardan bitkiyə daxil olaraq sirayətləndirir. Bunun üçün bitkilərin zədələnməsinin qarşısı alınmalıdır.
Patogenin çoxu təbii yolla olduqca məhdud şəkildə və zəif sürətlə yayılır. Bakteriya ilə yoluxmuş acıtəhər quşüzümü (Solanum dulcamara) qrunt sularda asanlıqla xəstəliyin yayılmasına səbəb olur. Beynəlxalq ticarətdə sirayətlənmiş kartof yumrularının və digər vegetativ çoxaltma üçün istifadə olunan əkin materiallarının daşınması əsas yayılma yolu hesab edilir. Patogenlə sirayətlənmiş belə sularla sulama aparılarkən bakteriya bitkilərə yayılır.
Kartofun qonur çürüməsi yayıldığı ölkələrdə əsaslı məhsul itkisinə səbəb olur. Ən böyük iqtisadi zərər Cənub-Şərqi Amerika, İndoneziya, Braziliya, Kolumbiya və Cənubi Afrikada kartof və pomidor bitkisində olub. Hətta bəzi illərdə məhsulun tamamilə məhv olmasına səbəb olub. Yunanıstanda 1951-1953-cü illərdə kartof əkinlərində ciddi məhsul itkisi baş verib. Venesuelada 1992-1996-cı illərdə xəstəlik səbəbli məhsul itkisi 22%-dən 37%-ə yüksəlib. Xəstəliyin sirayətlənməsi isə 5-75% arasında dəyişib.
Xəstəliyin idarə edilməsi olduqca çətindir. Ona görə zəruri fitosanitar, aqrotexniki və kimyəvi tədbirlərə ciddi şəkildə əməl etmək lazımdır. Xəstəliyin müşahidə edildiyi sahədə torpaqdakı inolkulyumu yox etmək üçün 5-7 il müddətində növbəli əkinə riayət edilməlidir. Kartofun qarğıdalı və ya lobya ilə rotasiya edilməsi daha məqsədəuyğundur. Suvarma kanallarının ətrafında quşüzümü kimi alaq otları və öz-özünə yetişən kartoflar çıxarılaraq sahədən uzaqlaşdırılmalı, əkin zamanı yalnız sertifikatlı, xəstəliyə qarşı davamlı sortlardan və sağlam yumrulardan istifadə edilməlidir. Kəsilmiş yumrulardan istifadə etmək olmaz. Kəsilmiş yumruların toxumluq kimi istifadə edilməsi xəstəliyi 2,5 dəfə artırmaqla 40% məhsul itkisinə səbəb olur. Eyni zamanda bitki köklərində yara əmələ gətirən nematodlarla patogen arasında sinergizm mövcud olduğu üçün nematodlara qarşı kimyəvi mübarizə aparılmalıdır.
Qeyd edək ki, xəstəliyə qarşı təsirli kimyəvi mübarizə metodu yoxdur. Torpağa tətbiq edilən fumiqantların da təsiri çox aşağıdır və ya yoxdur. Bioloji mübarizədə antoqonist bakteriyalar olan Bacillus polymyxa və Pseudomonas fluorescenses ilə aparılan laborator təcrübələrdə isə müsbət nəticələr əldə edilib.