Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.
AQTA-dan FED.az-a verilən məlumata görə, Azərbaycanda dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması üçün Agentlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və “ABAD” publik hüquqi şəxslə birlikdə həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir.
“Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri qiymətləndirilməsi kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində bu gün Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Fərzəliyev Anar Kamil oğluna və fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus müəssisələrə müasir avadanlıqlar təqdim olunub. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.
Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edir, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndir, analizini aparır, layihə çərçivəsində keçiriləcək təlimlərin təşkilində iştirak edir, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verir və ABAD-çı olmaq qərarına gələn iştirakçılara daimi əsasda “ABAD” proqramına daxil olan xidmətləri göstərir.
Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.