Nazirlər Kabineti aidiyyəti dövlət qurumlarına Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verib. Bu qurumlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Əliyev bildirib ki, dekabrın sonundan korporativ tədbirlərin, Yeni il şənliklərinin keçirilməsi ilə bağlı ictimai iaşə müəssisələri, mehmanxanalarda fəaliyyət göstərən restoranlar, həmçinin şənlik mərasimlərinin keçirildiyi saraylarda sifarişlər qəbul olunur. Buna görə də AQTA koronavirus profilaktikasının yerlərdə icra vəziyyətinin yoxlanılması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqləri artırıb: “Burada əsas məqsəd həmin yerlərdə çalışan personalın COVİD-19 pasportuna malik olub-olmadığının yoxlanılmasıdır. Nazirlər Kabinetinin 237 nömrəli qərarı ilə təsdiq edilmiş sıxlıq normalarına riayət olunub-olunmaması və profilaktik tədbirlərlə əlaqədar digər tələblərlə bağlı vəziyyət də araşdırılacaq, monitorinq ediləcək. İctimai iaşə müəssisələrinin məsul şəxsləri ilə görüşlərimiz və maarifləndirici işlər daha da intensivləşdiriləcək. Sahibkarlara müraciət edirik ki, şənliklərlə əlaqədar məlumatları icaze.gov.az portalına daxil etsinlər, eyni zamanda hazırlıq işlərini görsünlər”.
Şöbə müdiri qeyd edib ki, sahibkarlar Yeni il şənliklərində qida zəhərlənmələrinin qarşısının alınması üçün sanitar-gigiyenik vəziyyəti də yaxşılaşdırmalıdırlar: “İstifadə olunan məhsulların, xammalların təhlükəsizlik və keyfiyyət göstəriciləri olmalıdır. Bundan əlavə, Yeni il şənliklərində istifadə olunan spirtli içkilərin kütləviliyini nəzərə alaraq tərəfimizdən həmin içkilərin satışı keçirilən, onların saxlanıldığı anbarlarda, istehsal olunduğu müəssisələrdə, həmçinin idxal olunan spirtli içkilər üzərində nəzarəti gücləndirmişik. Hazırda Agentlik tərəfindən müxtəlif ticarət şəbəkələrindən, istehsalat müəssisələrindən, idxal olunan məhsullardan nümunələr götürülür, laborator analizlər aparılır”.