2021-ci ilin 9 ayı ərzində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına əsasən, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 52 ölkədən epizootik risk daşıyan quşçuluq məhsullarına məhdudiyyət tətbiq edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, mart və aprel aylarında 48 rayonda 703 fermer və ailə təsərrüfatlarında saxlanılan 30 869 baş iribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqlər aparılıb. 20 162 baş heyvandan qan nümunəsi götürülüb. Laborator nəticələrə əsasən, 379 baş heyvanda bruselyoz xəstəliyi aşkar edilib və bu barədə mövcud qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilib.