Bu ilin doqquz ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb.
21 məktəbli "Şah dönər"də hazırlanan dönərdən - ZƏHƏRLƏNİB - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, agentlik ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Bir müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Səkkiz müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib.
Yoxlamalar zamanı qida obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, çiy dönər ətinin müşayiətedici sənədlərinin (ekspertiza aktı, baytarlıq şəhadətnaməsi, çıxarış) olmaması, çiy dönər hazırlanan müəssisələrdə texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, dönərin hazırlanmasında istifadə olunan xammalın temperatur rejiminə əməl edilmədən saxlanılması, bişmiş dönərin realizə olunarkən temperatur rejiminə əməl edilməməsi, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi, müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün şəraitin təmin olunmaması və onların ilkin və dövri tibbi müayinədən keçməməsi, müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması kimi uyğunsuzluqlar aşkarlanıb.
Qeyd edək ki, “Multimonitorinq Planı”nın icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda hazırlanan dönər məhsullarından 193 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 181 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 12 məhsulda uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkarlanan məhsul istehsal edən müəssisələr barədə qanunvericlik çərçivəsində zəruri tədbirlər həyata keçirilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.