Dünyada koronavirus epidemiyasının yayılması və çox sayda insan təlafatı əhali arasında təşvişə səbəb olub. Azərbaycana qonşu olan İranda da bu virusun aşkar olunması səbəbindən paytaxt Bakıda qoruyucu maskalara olan təlabat birə beş artıb. Bu isə insanların təşvişinə səbəb olub. Bəzi işbazlar isə bu vəziyyətdən istifadə edir. Belə ki, artıq apteklərdə tibbi maska qıtlığı müşahidə olunur. Hətta bir çox apteklər bazalarında maskaların qalmadığını iddia edirlər.
Eləcə də bax: Koronavirusa görə dünyada da - MASKALAR BAHALAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, "Avis" Tibbi Marketlər şəbəkəsinin satınalma müdiri Lalə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, apteklərində maska qıtlığı hiss olunur. Onun sözlərinə görə, müraciət edən müştəri sayı da çoxalıb.
L.Əliyeva qeyd edib ki, apteklərində əsasən Türkiyə istehsalı olan tibbi maskaları satılır: “Bu maskalar tam steril, üçqatlı və iplikləri qalın toxunulmuş formadadır. Digər maskalarla müqayisədə fərq çox hiss olunur. Qiyməti 50 qəpikdir və heç bir artım olmayıb”.
O bildirib ki, əczaçılara bir müştəriyə 10 ədəd maska satılması ilə bağlı təlimat verilib və topdansatışa icazə yoxdur: “Çünki depoda az sayda maska qalıb, sifariş vermişik, gəlməlidir”.
"Zəfəran" apteklər şəbəkəsindən isə qeyd edilib ki, əməkdaşlıq etdikləri apteklərin heç birində hazırda qoruyucu maska yoxdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, qoruyucu maskaların satışı ilə bağlı özəl şirkətlər məşğul olduğundan bu işə nəzarət nazirliyin səlahiyyəti xaricindədir.
İqtisadiyyat Nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb: “Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Qeyd edək ki, müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla “Report”a açıqlamasında qoruyucu maskaların iki saatdan bir dəyişilməli olduğunu deyib. Onun sözlərinə görə, insanlar üzərində "tibbi maska" yazılanlardan istifadə etməli və maska ağız və burunu örtməlidir.
Xatırladaq ki, dünyada koronavirusdan ölənlər sayı 2 769 nəfərə çatıb.