2025-ci ildən ambulator müalicə üçün ürək-damar, həzm və tənəffüs sistemi xəstələrinin dərman ehtiyacı icbari tibbi sığorta hesabına qarşılanacaq. Bəzi cərrahi əməliyyatlar da sığorta ilə ediləcək.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış, yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
2025-ci ildə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində dəyişikliklərin aparılması planlaşdırılır. Belə ki, kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr də sığorta ilə olacaq. Xidmətlər Zərfində dəyişiklik 3 istiqamətdə aparılacaq.
2025-ci ildə həm də MRT və KT müayinələrinə 20 faiz müştərək maliyələşmə məbləğinin ödənilməsi nəzərdə tutulur. Bu isə əsaslandırılmamış müayinələrin qarşısını almaq və xidmətdən istifadəni daha da stimullaşdırmaq məqsədi daşıyır.