Azərbaycana Almaniyadan gətirilən dərman vasitələrinin qiyməti kəskin artıb.
FED.az Almaniya Statistika İdarəsinə istinadən xəbər verir ki, 2023-ci ildə Almaniyadan Azərbaycana ümumi dəyəri 44,2 milyon avro olan 1 200 ton dərman gətirilib.
2022-ci illə müqayisədə gətirilən dərmanların həcmi azalsa da, dəyəri artıb. Belə ki, 2022-ci ildə Almaniyadan Azərbaycana 1 318 ton dərman gətirilmiş, onların ümumi dəyəri 38 milyon avro təşkil etmişdi.
Nəticədə 2022-ci ildə Almaniyadan Azərbaycana gətirilən dərmanların 1 tonunun qiyməti 28 831 avro olmuşdusa, 2023-cü ildə bu rəqəm 36 833 dollar olub.
Başqa sözlə, son bir ildə Almaniyadan Azərbaycana gətirilən dərmanlar 28% bahalaşıb.
2021-ci ildə isə Almaniyadan Azərbaycana 550 ton dərman gətirilmişdi, onların ümumi dəyəri 30,5 milyon avro olmuşdu. Başqa sözlə Almaniyadan Azərbaycana idxal olunan dərmanların 1 tonunun idxal qiyməti 55 454 dollar olmuşdu.