Almaniyada digər Avropa ölkələri ilə müqayisədə koronavirusdan ölüm hallarının niyə az olduğu açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Nəşr qeyd edib ki, Almaniya ənənəvi virus zərbəsini alaraq, ona ən çox yoluxmuş ölkələr arasında ilk beşliyə girib.
Ölkədə koronavirusa 22,364 nəfər yoluxub, ölüm sayı isə cəmi 84-dür. Xəstəlikdən tam sağalan 209 nəfərdir.
Bununla yanaşı, Almaniya COVID-19-dan ölümə görə ən aşağı faiz göstəricisi olan ölkədir. Belə ki, bu faiz cəmi 0,35-dir. Müqayisə üçün İtaliyada bu göstərici 10%, İspaniyada 5%, Çində 4%, Fransada isə 3%-dür.
Ekspertlər bldirib ki, Almaniyada ölüm faizinin aşağı olmasını xəstəliyin daha erkən mərhələdə aşkarlanması ilə bağlıdır. Bundan başqa, yoluxanlarının əksəriyyətinin yaşı da o qədər çox deyil. Robert Kox İnstitutunun rəqəmlərinə görə, ölkədə koronavirusa yoluxanların 80 faizinin yaşı 60-a çatmır.
Nəhayət, əsas səbəb Almaniyanın səhiyyə sisteminin virusa qarşı daha hazırlıqlı olmasıdır. Belə ki, Berlində hər gün eyni vaxtda 160 min koronavirus testi etmək imkanı var. Bu bütün Avropa ölkələrinin ümumi göstəricisindən yüksəkdir.
Bundan başqa, Almaniyada xəstəxanalarda da lazımi avadanlıqlar kifayət qədərdir. Belə ki, martın ortalarında alman hökuməti ağciyərlər üçün əlavə 10 min xüsusi nəfəsalma aparatı sifariş verib. İndiyə qədər isə 25 min belə aparat var idi.
Bununla yanaşı, ekspertlər Almaniyada da COVID-19-da sıçrayış olacağını istisna etmirlər, onların fikrincə indiki rəqəmlər sadəcə erkən mərhələ üçündür.
Son məlumatlara görə, dünyada virusa yoluxanların sayı 300 mini keçib, 12 min nəfərə yaxın şəxs vəfat edib.