Qida Təhlükəsizliyi Agentliyində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, həmçinin alkoqollu içkilərin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Azərbaycanda siqaret və alkoqollu içkilər üçün - Aksiz Dərəcələri Artırılacaq
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, görüş alkoqollu içkilərin istehsalı və idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi, o cümlədən alkoqollu içkilərin istehsalı və idxalı, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə iştirakçılara məlumat verərək bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının ölkəyə idxalı ilə əlaqədar tələblərdə dəyişikliklər edilib. Qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış formalaşdırıb. Yeni qanunun istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəfləndiyini qeyd edən agentliyin sədri sahibkarlıq subyektləri tərəfindən lazımi tədbirlərin görülməsinin və onların işlərini müasir tələblərə və qaydalara uyğunlaşdırmasının zəruriliyini diqqətə çatdırıb. O, təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini vurğulayıb. Alkoqollu içkilərin istehsalı ilə məşğul olan müəssisələrin təşkil ediləcək səriştəlilik sınaqlarına qatılmasının zəruriliyini bildirib.
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov son vaxtlar bu sahədə agentliyin gördüyü işlərdən və sahibkarlara verdiyi dəstəkdən danışıb.
Görüşdə ölkə ərazisində fəaliyyət göstərən alkoqollu içkilərin istehsalı müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə məlumat verilib. Qeyd edilib ki, 2022-ci il ərzində 15-i planlı, 10-u plandankənar olmaqla, ümumilikdə ölkə ərazisində fəaliyyət göstərən 25 alkoqollu içkilərin istehsalı müəssisəsində aparılan yoxlamalar zamanı 19 müəssisədə nöqsan aşkar edilib. Eyni zamanda ötən il alkoqollu içkilərlə bağlı daxil olan 65 vətəndaş şikayətindən 35-i təsdiqini tapıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 alkoqollu içkilərin istehsalı müəssisəsində istehsalın dayandırılması, məhsul partiyasının satışının dayandırılması və dövriyyədən çıxarılması, məhsul istehsalının qadağan olunması, iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərarlar verilib. 18 istehsalçı müəssisənin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. Eyni zamanda vurğulanıb ki, 2022-ci il noyabrın 1-dən 2023-cü il fevralın 28-dək olan müddətində 1833 ticarət və 824 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Həmin monitorinqlər zamanı 23-ü ticarət və 7-si ictimai iaşə müəssisəsi olmaqla, 30 qida obyektində alkoqollu içkilərlə bağlı şübhə yarandığı üçün nəzarət tədbirləri həyata keçirilib. Ümumilikdə müxtəlif növ əmtəə nişanlı 715 ədəd saxta alkoqollu içkilər aşkar olunub. Bununla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan kənarlaşdırılıb. 10 qida obyekti barədə məlumatlar hüquq-mühafizə orqanına göndərilib. 17 obyektin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Digər obyektlər barədə məlumatların da hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub. 5 qida obyektinin vəzifəli şəxsləri barəsində isə cinayət işi başlanıb. Həmçinin qeyd olunub ki, 2023-cü il ərzində 53 müxtəlif növ alkoqollu içkilərin istehsalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.
Görüşdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.