Sentyabrın 24-də “Yeni klinika” tibb müəssisəsində Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib.
Eləcə də bax: Azərbaycan AİB-in yeni - Donoru Oldu
FED.az xəbər verir ki, agentlikdən bildirilib ki, tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Agentliyin İdarə Heyəti sədrinin müavini bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ölkələr arasında qarşılıqlı fəaliyyət və birgə əməkdaşlığa zərurət yaranır: “Bu istiqamətdə Asiya və Sakit okean regionu ölkələri üçün əsas inkişaf tərəfdaşı kimi çıxış edən AİB-nin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu günədək AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Əməkdaşlıq və dəstəyin növbəti nümunəsi olaraq, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən ölkəmizə sözügedən layihə çərçivəsində 455 min ABŞ dolları həcmində texniki yardım ayrılıb. Bu yardıma tibb işçiləri üçün fərdi qoruyucu vasitələr, o cümlədən kombinezon, N95 respirator maska, qoruyucu eynək və digər tibbi ləvazimatlar daxildir”.
N.Bayramova AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinə göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
N.Mannapbekovun sözlərinə görə, Agentlik və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi də daxil olmaqla, ölkənin səlahiyyətli qurumları ilə güclü əməkdaşlıq fərdi qoruyucu vasitələrin ölkəyə çatdırılması prosesini dörd hissəyə bölməyə imkan verib: “Daha təcili və yüngül mallar iki dəfəyə hava yolu ilə, digərləri isə dəniz yolu ilə çatdırılıb. Bunlar koronavirusla mübarizədə ön cəbhədə çalışan səhiyyə işçilərini qorumağa, infeksiyanın qarşısının alınmasını və nəzarəti gücləndirməyə kömək edən fərdi qoruyucu vasitələr, bioloji zərərli maddələr üçün paketlər və respiratorlardır”.
O bildirib ki, AİB ölkəmizin pandemiyaya qarşı təsirli cavab verməsi üçün əlavə mənbələrin səfərbər edilməsi məqsədilə Azərbaycan hökuməti və inkişaf tərəfdaşları ilə birgə çalışmağı davam etdirəcək.