"Bəzən vicdanı susmuş bəzi həkimlər şou yaratmağa çalışırlar. Bəzi həkimlər İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər. Bildirirlər ki, Agentlik suallara cavab vermir, maliyyə çatışmır və s.".
Eləcə də bax: Dövlət Agentliyi: “Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O bildirib ki, icbari tibbi sığorta sisteminin işləməsi üçün maliyyə vəsaiti kifayət qədərdir: "Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə bu gün 12 min manat əmək haqqı alan cərrah, 5 min manatdan artıq maaş alan mama-ginekoloq var. Hətta 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki onu müayinə edəsən?! Deməli, öz qohumları belə ona etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Bu gün ölkədə vətəndaş məmnunluğu lazımdır".
K.Ələkbərov qeyd edib ki, Kliniki Tibbi Mərkəzə rəhbərlik etdiyi 6 ay ərzində yeni Urologiya və Neyrocərrahiyyə şöbəsi yaradılıb: "6 ay müddətində gün ərzində Urologiya şöbəsinin əməkdaşları tərəfindən 12-15, neyrocərrahiyə şöbəsinin cərrahlar tərəfindən isə 4-5 əməliyyat icra olunur. Lakin əvvəlki 6 ayın statistikasına baxanda mərkəzdə rayon xəstəxanasında olduğu kimi gün ərzində cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündəlik olaraq 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənməsi nəticəsində gündəlik əməliyyatların sayı 50-ni keçəcək".