“Gilead Sciences” şirkəti koronavirusa qarşı mübarizə üzrə eksperimental tədqiqatın nəticələrini dərc edib. ABŞ-ın qida məhsullarına və dərman preparatlarına nəzarət üzrə Administrasiya İdarəsi müraciəti iki gün ərzində nəzərdən keçirdikdən sonra “Remdesivir” adlı eksperimental tibbi preparatı koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün rəsmi şəkildə qəbul edib.
Eləcə də bax: ABŞ-da səhmlər koronavirus dərmanı xəbərilə - BAHALAŞDI
FED.az xəbər verir ki, bununla bağlı Prezident Donald Tramp deyib: “Sevinclə bildirirəm ki, “Gilead” şirkəti qida məhsullarına və dərman preparatlarına nəzarət üzrə Administrasiya İdarəsinin təcili razılığını alıb. Siz bunun nə demək olduğunu başa düşürsünüz. Çünki bu, son zaman KİV-lərdə yayılan ən qaynar xəbərdir. Bu, koronavirus diaqnozu ilə hospitalizə edilən pasiyentlər üçün vacib müalicədir”.
Qeyd olunub ki, Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunun bütün üzvləri, o cümlədən doktor Entoni Fauçi və Debora Birks də yeni preparatın “çox ümidverici” olması qənaətindədirlər.
Xatırladaq ki, klinik təqdiqatların nəticələrinə müvafiq olaraq, “Gilead Sciences” şirkətinin nukleotid analoqlar sinfindən olan virusa qarşı bu preparatı koronavirusa yoluxan pasiyentlərin orqanlarının funksiyalarını bərpa edir, bununla da ölüm hallarının sayını azaldır. Şirkətin apardığı tədqiqatlarda 1063 pasiyent iştirak edib. Onlara “Remdesivir” və ya plasebo (indiferent maddədən hazırlanmış dərman forması) verilib. Virusa qarşı preparatın dozasını alan pasiyentlər plasebo qəbul edən pasiyentlərlə müqayisədə 31 faiz daha sürətlə bərpa olunublar.
Həkimlər onu da qeyd ediblər ki, preparatın doğura biləcəyi kənar reaksiyalar sırasına qan təzyiqi, ürək bulanmaları, qusma və titrəmə daxildir.
Azərtac