Çini bürüyən və dünyaya sürətlə yayılmağa başlayan yeni növ koronavirusdan ölənlərin sayı artıq 425 nəfərə yüksəlib. Ümumilikdə isə 20 mindən çox insan ölümcül virusa yoluxub.
Eləcə də bax: 1000 nəfərlik xəstəxananı - CƏMİ 4 GÜNƏ TİKDİLƏR
FED.az xəbər verir ki, Pekin hökumətinin bu əsnada gördüyü ən önəmli işlərdən biri sürətlə inşa edilən xəstəxanalardır. Belə ki, xəstəliyin episentri olan Uhan şəhərində artıq bir sərgi mərkəzi xəstəxanaya çevrilib.
Rəsmi şəxslər biri gimnastika salonu və digəri sərgi mərkəzi olan daha 2 binanı xəstəxana məqsədilə istifadə edəcəklərini açıqlayıblar. Səlahiyyətlilər yeni tip koronavirusun yüngül simptomları olan xəstələrin bu xəstəxanalara köçürüləcəyini bildirib.
On günə inşa edilən “Hoşenşan” hospitalından sonra bu həftə ərzində 1500 yataqdan ibarət ikinci xəstəxana açılacaq. Bildirilir ki, “Hoşenşan” xəstəxanasının tikintisinə 7 min işçi cəlb edilib. İkimərtəbəli, 600 min kvadrat metr sahəsi olan xəstəxananın yarısı izolyasiya bölməsi kimi müəyyənləşdirilib.
Binada 30 reanimasiya şöbəsi mövcuddur. Binada həkimlərin kənar mütəxəssislərlə görüşməsi üçün xüsusi bir sistem var. Bu sistem Uhan Telekommunikasiya şirkəti tərəfindən qurulub və 20 nəfərlik komanda bu xüsusi rabitə sistemini 12 saatdan az bir müddətdə binaya birləşdirib.
Binada xüsusi havalandırma sistemləri, eləcə də xəstə otaqlarını dəhlizlərə bağlayan və xəstəxana işçilərinə otaqlara daxil olmadan material çatdırmağa imkan verən iki tərəfli dolablar mövcuddur.
Şanxayda dərc olunan “The Paper” qəzetinin məlumatına görə, Çindəki şirkətlərdən birinin xəstəxanaya bağışladığı robotlar dərmanları çatdırmaq və sınaq nümunələrini aparmaq üçün istifadə ediləcək.
“Xinhua” agentliyi xəstəxanaya 1400 həkim, tibb bacısı və tibbi heyətin göndərildiyini yazıb.