2021-ci ilin 2-ci rübündə Azərbaycan banklarında biznes kreditləri portfelinin dinamikası məlum olub.
FED.az-ın tərtib etdiyi renkinqə əsasən son 3 ayda (aprel-may-iyun) bankların əksəriyyəti biznes kreditlərini artırıb, amma bu kreditlərin azaldığı banklar da var.
Biznes kreditlərinin faizlə ifadədə ən sürətli artımı «Bank BTB» (artım 25% və ya 12,3 milyon manat), «Yelo Bank» (17,6% və ya 29 milyon manat) və «Bank Avrasiya»da (13,6% və ya 8,5 milyon manat) qeydə alınıb.
Biznes kreditlərinin mütləq ifadədə ən sürətli artımı «Bank Respublika», «Yelo Bank», «Muğanbank» və «Accessbank»da qeydə alınıb. «Bank Respublika» bir rüb ərzində 45,7 milyon manat biznes krediti ayıraraq portfelini ən çox artıran bank olub. «Muğan bank»ın kredit portfeli 28,4 milyon manat və ya 13,3%, «Accesbank»ın biznes kredit portfeli isə 18,6 milyon manat və ya 4% böyüyüb.
Biznes kredit portfelini ciddi artıranlar arasında «Unibank» və «Yapı kredi Bank»ı da göstərmək olar – 12 milyon manat.
Eyni zamanda, son 3 ayda 5 bankın biznes kredit portfelində azalma baş verib. Bunlar «Naxçıvanbank» (1,3 milyon manat və ya 1,93% azalma), «Pakistan Milli Bankı Bakı filialı» (18 min manat və ya 2,1%), «AFB Bank» (5,5 milyon manat və ya 5,5%), «Rabitabank» (13,9 milyon manat və ya 5,5%). 2-ci rübdə biznes kredit portfelini ən çox azaldan bank «Xalq Bank» olub – 42,8 milyon manat və ya 4%.