Azərbaycanın regionlarında baş verən müasirləşmənin özünü ən qabarıq göstərdiyi sahələrdən biri ...tədbirlərin və məclislərin yeni formada keçirilməsidir. Əvvəllər o qədər də təmtəraqlı keçirilməyən, daha çox ailə məclisləri sayılan tədbirlər artıq qonaqların iştirakı, musiqi və dekorasiyaların müşayiəti ilə keçirilir.
«Dedim, başqasına işləməkdənsə, niyə də öz işimi qurmayım» - ŞƏMKİRLİ QADININ BİZNES HEKAYƏSİ
Bölgə sakinləri yeni dünyaya gələn körpələrin doğum evindən çıxarılmasından tutmuş, elçiliyə qədər ən mxtəlif əlamətdar günləri xüsusi qeyd etməyə başlayıblar. Həyat tərzindəki bu modernləşmədən faydalanan şəxslərdən biri də Tovuz sakini Püstə Pənahovadır.
O Tovuzun mərkəzində kirayələdiyi mağazada həyat yoldaşının dəstəyi ilə qurduğu «Dekor Evi» biznesinə sahiblik edir. P.Pənahova Tovuzda məkanların və evlərin dekorasiya tərtibatı, milli xınayaxdı məclislərinin təşkili, məclis yerlərinin bəzədilməsi xidmətləri göstərir.
İxtisasca ibtidai sinif müəllimi olan həmsöhbətimiz bu işə 2014-cü ildən başlayıb. Püstə xanımın sözlərinə görə, bəzək-düzək işlərinə hələ yeniyetməlikdən həvəsi olub: «Əvvəldən əl qabiliyyətim yaxşı olub, uşaqlıqda balıqqulağından və konfet kağızlarından maraqlı suvenirlər, güllər və bəzək əşyaları düzəltmək adətim idi, hətta məclislərdə xonçalar bəzəyirdim».
7 il əvvələ qədər dövlət işində çalışan Püstə xanım bu hobbisini biznesə çevirməyə qərar verib, həm də artıq həmin vaxt rayonda tədbirlərə maraq artmağa başlamışdı, belə xidmət göstərən isə yox idi: «Uşaqlar da böyüdülər, evdə işlərim azaldı, həm də gördüm ki, rayonda belə xidmət göstərən şirkət yoxdur. Həm öz əl işimi və istedadımı göstərmək, həm də qazanc məqsədilə bu biznesi yaratdım, necə deyərlər, “həm ziyarət, həm ticarət” olsun deyərək dekorasiya evini açdıq».
Tovuz – Azərbaycanın qərb bölgəsində Gürcüstanla sərhəd olan rayonların – Qazax, Ağstafa və Şəmkirin qonşuluğunda yerləşir. Püstə xanımın Dekor Evi biznesi də təkcə Tovuzda deyil, bütün ətraf rayonlarda xidmət göstərir.
Yeni biznesə başlayanda ilk dəstəyi həyat yoldaşından alıb. Yoldaşı xanımının biznes qurmaq ideyasına nəinki etiraz etməyib, hətta ən yaxın köməkçisi olub. Püstə xanım deyir ki, onsuz bu iş alınmayacaqdı: «Bizneslə bağlı qərarlrı hər ikimiz veririk. Avadanlıqlar və xammal alaraq işə başladıq, ilkin olaraq biznesə ümumilikdə 3 min manatdan artıq vəsait yatırdıq».
Biznesin əsas xidmətləri xınayaxdı və digər tədbirlər - ad günü, xeyir məclisləri, yubileylər üçün tərtibat işləri təşkil etməkdir. Püstə xanım bildirir ki, pandemiyadan əvvəl ayda 10 məclis təşkil edirdilər, əsas işçi qüvvvəsi isə özləri idi. Sonradan biznes genişləndikcə əlavə işçilər də cəlb edildi. Hər məclisin qiyməti 100-150 manat ətrafında dəyişir: «Məclis təşkil edəndə müştərilərin də istəklərini nəzərə alırıq, onların seçimlərinə uyğun olaraq qiymət təklifi hazırlayırıq, qiyməti müştərinin maddı imkanına uyğunlaşdırırıq».
Kiçik biznesin əsas problemi və böyük xərclərindən biri ailənin avtomobilinin olmaması ilə bağlıdır. Nəticədə onlar avadanlıqları və hazır dekorasiyaları digər avtomobillərlə çatdırmalı olurlar ki, qazancın bir hissəsi buna sərf edilir.
Ötən ilin əvvəlində Püstə xanım kiçik sahibkarlara dəstək verən və AMFA tərəfindən icra olunan «Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi» (ADSMİRRA) layihə haqqında eşıdır və müraciət edir.
«Bizim tanış, Afaq Zeynalova, şirniyyatçıdır, eyni zamanda Tovuzda bu layihənin rəhbəridir Mənə belə layihənin olduğunu deyib qoşulmağı təklif etdi, mən də müaciət etdim».
Layihə iş qadınının müraciətinə dərhal reaksiya verib, onun biznesi barədə məlumat alıb, əvvəl şəkillərlə, daha sonra isə obyektə gələrək baxış keçirib işləri ilə tanış olublar: «Layihə çərçivəsində mənə təqribən 1000 manata yaxın sərmayə kapitalı verdilər, amma ən əsası, mən buradakı təlimlərə qoşuldum və biznesimi daha uğurlu etməyin yollarını müəyyən etdim. Təlimlərdə biznes plan tutmağı, gəlir və xərcləri yazmağı və bu zaman detallara fikir verməyi öyrəndik. Kortəbii işləməyi yox, hər şeyi dəqiq hesablamağı öyrətdilər.
Təlimlərin iqtisadi faydası özünü dərhal göstərib. Püstə xanım biznesin xərclərinə 20-30% qənaət etməyə başlayıb, müştərilərin sayı isə artıb: «Əvvəllər 1000 manat xərclənən məsələlərə indi 200-300 manat az pul xərcləyirik. Müştəri sayını isə 20%-ə yaxın artırmağa nail olmuşuq. Pandemiya olmasaydı müştərilərin sayı daha artıq olardı».
Püstə xanım bildirir ki, işgüzar xanımlar üçün təşkil edilən təlimlər onun bütün biznesə baxışını dəyişib, onlara pulunu idarə etməyi, müştərilərlə necə rəftar etməli olduğunu öyrədiblər.
Koronavirus pandemiyası və onunla əlaqədar tətbiq edilən məhdudiyyətlər vəziyyəti dəyişib. Püstə xanımın biznesinin əsasını təşkil edən kütləvi tədbirlər, koronavirus təhlükəsi səbəbindən qadağan edilib. Biznesin gəlirləri kəskin azalıb. Nəticədə mağazanı bağlamalı, burada çalışan işçini ixtisar etməli olublar.
Bir neçə həftə əvvəl qadağaların yumşalması Püstə xanımı və onun həyat yoldaşını ümidləndirib və onlar biznesi yenidən işə salıblar, amma tezliklə məyus olublar: «İki ay əvvəl sürətli yumşalmalar olduğuna görə düşündük ki, tezliklə kütləvi tədbirlərə, məsələn, toylara da icazə veriləcək. Ona görə də hazırlıq işlərinə başladıq, amma qadağalar götürülmədi».
Yeri gəlmişkən, kütləvi tədbirlərə məhdudiyyət qoyulması, ailə daxili tədbirlərin daha təmtəraqlı keçməsiilə nəticələnib.
Püstə xanım bildirir ki, insanlar dəbdəbəli tədbirlərə əvvəlkindən daha çox maraq göstərirlər: «Əvvəllər elçilik məclislərində çay içib qalxardılar, indi məcməyidən tutmuş, çəngəl-bıçağa qədər, süfrə və masa tam dekorasiya edilir, Bu proses son bir ildə, ən çox da pandemiyada baş verib. İnsanlar görürlər ki, toy etmək mümkün deyil, deyirlər heç olmasa belə kiçik tədbirləri şən keçirək».
Ümumiyyətlə, işgüzar xanımın sözlərinə görə, son illər insanlar əlamətdar günləri daha yaxşı keçirməyə başlayıblar: «Məsələn, ad günləri əvvəllər yalnız yeyib-içmək məclisi idi. İndi isə bunun yaddaqalan hadisə olmasını istəyirlər. Dünyaya gələn körpənin doğum evindən çıxarılması və elçilik mərasimlərini də təmtəraqlı və dekorasiyalı edirlər».
İnsanların tədbirlərlə bağlı zövqləri dəyişib, onlar daha müasir dizaynlər istəyirlər: «5 il əvvəlki dekorlarımızı istəyən yoxdur, əvvəllər qaşlı, işləməli, zərli, qırmızı dekorları xoşlayırdılar, amma indi solğun rənglər. Avanqard stillər və təbriklərin ingilis dilində yazılışı dəbdədir».
Qonşu rayonlardan ən çox sifariş, daha imkanlı əhalisi olan Şəmkirdən gəlir, Püstə xanımın biznesini də işinən razı qalan müştərilər reklam edir. Bu çətin dövrdə ADSMİRRA -nın təlimləri iş adamına böyük dəstək olub, onun əlaqələrini artırıb: «Yeni işgüzar xanımları tanıdım. Başqa rayonlarla əlaqələrim yarandı, pandemiya aradan qalxandan sonra onlarla iş birliyim olacaq».
Təlimlərdən sonra müştəri ilə işləmək qaydası da dəyişib: «bizə müştəriləri necə cəlb etməyi öyrətdilər. Məsələn, əvvəllər müştəri gəlirdi, hiss edəndə ki, sifariş etmək fikri yoxdur, onunla danışmağa hövsələm çatmırdı, çox da diqqət ayırmırdıq. İndi daha səbrliyəm və hər şeyi ətraflı izah edirəm. Bilirəm ki, özü də sifariş verməsə, bizim xidmətimizə başqa insanları yönəldəcək».
Püstə xanım deyir ki, ADSMİRRA-nın təlimləri onun biznesi ilə yanaşı, özünü də inkişaf etdirib. Bunu öz xərcləri və maliyyə davranışında da hiss edir: «İndi hisslərlə deyil, beyinlə iş görürəm, ilk ağlıma gələn sözü söyləmirəm. Əvvəl dərhal qərar verirdim, indi isə ölçüb-biçib, xərcləri də nəzərə alıb qərar veririk. Bu yenilik evdəki düzəndə də kömək edir, vəsaitimizi daha səmərəli xərcələməyi bacarıram».
Qeyd edək ki, “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.