Azərbaycanda regionlara verilən kreditlərin məbləği ötən ilə nisbətən artıb. FED.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar ayının yekunu üzrə açıqladığı statistik göstəricilərdə əks olunub.
FED.az AMB-ə istinadən xəbər verir ki, bu ilin yanvar ayında kredit portfeli 12 mlrd 884,7 mln manat olub. Kredit portfelindən Bakı şəhərinə verilən kreditlərin məbləği 10 mlrd 579,8 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 82,11%, regionlara verilən kreditlərin məbləği isə 2 mlrd 304,8 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 17,89% təşkil edib.
Eləcə də bax: Maaşını kartla alanların sayı kəskin artıb - RƏQƏMLƏR
Ötən ilin eyni dövründə kredit portfeli 11 mlrd 656,1 mln manat idi. Regionlar üzrə kredit qoyuluşunda isə Bakı şəhərinə verilən kreditlərin məbləği 9 mlrd 678,7 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 83,04%, regionlara verilən kredit məbləği isə 1 mlrd 977,4 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 16,96% idi.
Beləliklə, son 1 ildə kredit portfeli 1 mlrd 228,6 mln manat (10,54%) artıb. Eyni zamanda Bakı (901 mln manat) və regionlara (327 mln manat) verilən kreditlərin də məbləği artıb.Lakin Bakı şəhəri üzrə verilən kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi son 1 ildə azalarkən (-0,93%), regionlar da isə əksinə olaraq artıb (0,93%).