Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə manatla kredit ayrılmasının davam etdirilməsi imkanlarına baxmağa hazırdır.
FED.az xəbər verir ki, bu haqda məlumatı Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.
O bildirib ki, yerli kapital bazarlarının inkişafı və yerli valyutada kreditləşdirmə AYİB-in Azərbaycanda əsas prioritetlərindən biridir: "Əsasən milli valyutada gəlir qazanan şirkətlər valyuta riskləri ilə üzləşməməlidirlər".
Eləcə də bax: Ən çox və ən faiz gəliri əldə edən banklar - RENKİNQ (31.12.2018)
Xanım İ.Duarte Azərbaycanda manat istiqrazlarının buraxılması prosesindən də danışıb:
"Bu proses zəruri hüquq bazanın olmasından, həmçinin münasib bazar şərtlərindən asılıdır. Bütün zəruri elementlər təmin olunan kimi müvafiq informasiyanı təqdim edəcək və manat istiqrazlarının buraxılışını elan edəcəyik".
Nümayəndəliyin rəhbəri AYİB-in bu məsələlərin həlli və həmin prosesin icrası ilə bağlı müvafiq qurumlarla işlədiyini təsdiq edib.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 2017-ci ilin sonunda ilk dəfə olaraq yerli valyuta ilə korporativ kredit verib. Kredit plastik və metal boruların iri istehsalçısı olan METAK şirkətinə ayrılıb. Kreditin dəyəri manat ekvivalentində 8 milyon avro təşkil edib.
Azərbaycan 1992-ci ildən AYİB ilə əməkdaşlıq edir.