İşçi əsas iş yerindən 800 manat əmək haqqı alır, əlavə iş yerindən isə 450 manat əmək haqqı alır. Bu zaman əlavə iş yerindən aldığı 450 manatda gəlir vergisi ödəməkdən (14%) azaddır və ya əlavə iş yeri olduğuna görə azadolma burada tətbiq edilmir?
FED.az-ın məlumatına görə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.
Eyni zamanda Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Yuxarıda göstərilənlərə əsasən qeyd olunan əmək haqlarının neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxsə aid olduğu halda gəlir vergisindən azad edilir.
Audit.az