Vergi Məcəlləsində edilən son dəyikliklərdən sonra ən çox müzakirə olunan məsələ vergi ödəyicisinin hansı hallarda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun itirilməsi ilə bağlıdır. Son günlərdə əksər ekspertlər sosial şəbəkələrdə və iqtisadi təmayüllü saytlarda sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə bağlı qeyri-müəyyən vəziyyətin olduğunu iddia edir, məsələnin dəqiqləşdirilməsinin vacibliyini vurğulayırlar.
FED.az xəbər verir ki, məsələyə münasibət bildirən mks.az saytının eksperti Qalib Toğrul 1 yanvar 2019-cu ildən etibarən sadələşdirilmiş verginin əhatə dairəsinin məhdudlaşıdırılması fikrilə razılaşsa da, dəyişikliklərdən sonra bu sahədə qeyri-müəyyən vəziyyətin yarandığı iddiasını əsassız sayır: “Vergi Məcəlləsində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun qazanılması və bu hüququn itirilməsilə bağlı şərtlər, tələblər kifayət qədər aydın təsbit olunub. Son dəyişikliklərdən sonra sadələşdriilmiş vergininin qəlizləşdirilməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir, əksinə belə iddialar vergi ödəyiciləri arasında çaşqınlıq yaradır”.
Eləcə də bax: ABŞ-dakı azərbaycanlılar üçün də - VERGİ MƏCƏLLƏSİ DƏYİŞİB
Qalib Toğrul pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinin vergi ödəyicilərinə satış və xidmət göstərməsi halında sadələləşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirməsi ilə bağlı ortaya atılan iddialara konkret münasibət açıqlayıb: “Qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyiciləridir və onlar ümumi hasilatlarından 2 faiz vergi ödəyirlər. Əgər 200 minlik tələbi aşarlarsa, o halda pərakəndə ticarət ƏDV vergisi ödəyicisinə çevrilir, ictimai iaşə isə sadələşdirilmiş vergini 8 faizlə ödəməyə başlayır. Onu da deyim ki, Vergi Məcəlləsi birmənalı şəkildə topdansatış ticarət fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu məhdudlaşdırır.
Həmin sadələşdirilmiş vergi ödəyicilərinin vergi ödəyicisinə satış və ya xidmət göstərməsi məsələsinə gəlincə, əgər bu hal baş verərsə belə, birmənalı şəkildə nə pərakəndə ticarət, nə də ictimai iaşə qeyd etdiyimiz şərtlər çərçivəsində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. Çünki pərakəndə ticarət malların satışını sahibkarlıq məqsədilə həyata keçirən topdansatışdan fərqli olaraq, satışı son istehlak məqsədilə həyata keçirən ticarət fəaliyyətidir. Son illərdə Vergi Məcəlləsində istifadə olunan anlayışların dəqiqləşdirilməsi nəticəsində topdansatışla pərakəndə satışın sərhədləri dəqiq müəyyən olunub. Topdansatış obyektlərinə pərakəndə satış həyata keçirmək qadağan olunub. Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək həmin vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilib. Təbii ki, burda alıcı dedikdə, pərakəndə ticarət və ictimai iaşə obyektindən mal və xidmət əldə edən vergi ödəyiciləri nəzərdə tutulur”.
Konkret nümunə üzərində danışan ekspert deyib ki, hər hansı vergi ödəyicisi, məsələn ona lazım olan dəftərxana ləvazimatlarını pərakəndə ticarət müəssisəsindən ala bilər və satışı həyata keçirən alıcı vergi ödəyicisinin istəyindən asılı olaraq, ona kassa çeki ilə ynaşı, elektron qaimə-faktura təqdim etməyə borcludur: “Və yaxud əhaliyə xidmət göstərən restoran və ya kafe hansısa vergi ödəyicisinin sifarişi əsasında, tutaq ki, onlar üçün yeni il şənliyi düzənləyə və bunun müqabilində elektron qaimə-faktura təqdim edə bilər. Hər iki halda sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə ticarət müəssisəsi və ictimai iaşə xidməti göstərən sahibkarlıq subyekt mövcud şərtlər daxilində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmir.”