Dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr ilə yanaşı, Suriyada baş verən son proseslər müzakirə olunub.
Ərdoğan, həmkarının Suriyadan çıxmaq qərarını məmnuniyyətlə qarşıladıqlarını ifadə edərək, bu çərçivədə Türkiyənin NATO müttəfiqi ABŞ-a hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Regionda nəzarətsizlik meydana gəlməməsi üçün Münbiç Yol Xəritəsinin başa çatdırılması, həmçinin çıxmaq qərarının həyata keçirilməsini əngəlləmək istəyən ünsürlərə imkan verilməməsi lazım olduğunu vurğulayan iki lider, ictimaiyyətlə sağlam ünsiyyətin əhəmiyyətinə toxunmuşlar.
Eləcə də bax: Türkiyədən Donald Trampın təhdidinə cavab
Ərdoğan və Tramp, Suriyanın ərazi bütövlüyü əsasında ölkənin şimalında terrordan təmizlənmiş təhlükəsiz bir zona yaradılması fikrini də müzakirə ediblər.
Ərdoğan, Türkiyənin kürdlərlə heç bir problemi olmadığını, ölkəsinin məqsədinin milli təhlükəsizliyinə təhdid təşkil edən terror təşkilatları İŞİD, PKK və PKK-nın Suriya təşkilatları ilə mübarizə aparmaq olduğunu vurğulamışlar.
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyələrə qaldırılması barədə razılıq da əldə olunub.
Qeyd edək ki, Tramp Türkiyəni hədələyərək, "Kürdlərə hücum etsələr Türkiyəni iqtisadi olaraq məhv edəcəyik" demişdi.