Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin hər ay DSMF-yə ödəməli olduqları icbari ödənişlərin məbləği artırılır. FED.az xəbər verir ki, «Sosial sığorta haqqında» qanuna planlaşdırılan dəyişikliklərdə nəzərdə tutulur.
Qeyd edək ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (yəni FÖEN-lə işləyən şəxslərin) DSMF-ə ödədiyi məbləğ ölkə üzrə minimum əmək haqqına əsasən hesablanır və fəaliyyət sahələrindən və ölkənin regionlarından asılı olaraq fərqlənirdi.
Eləcə də bax: Xidməti müqavilədə işləyənlərə - DAHA BİR ZƏRBƏ – ÖDƏNİŞLƏR ARTIR
Belə ki, FED.az xəbər verir ki, «Sosial sığorta haqqında» qanuna əsasən,
Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hər ay DSMF-ə
Bakıda 65 manat,
Sumqayıtda və Gəncədə 58,5 manat,
Respublika tabeli şəhərlərdə 52 manat,
rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 39 manat,
kəndlərdə 32,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Başqa sahələrlə məşğul olanlar isə
Bakıda 26 manat,
Sumqayıt və Gəncə şəhərlərində 23,4 manat,
respublika tabeli digər şəhərlərdə 20,8 manat,
rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat,
kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Gələn ildən isə qanun və DSMF-ə ödəniləcək məbləğlər dəyişir.
Yeniliyə əsasən DSMF-ə ödəniləcək məbləğlər artıq regionlardan asılı olmayacaq. Üstəlik, ayrı-ayrı peşələrin sahibləri üçün ödəniş məbləğləri kəskin fərqlənəcək. Beləliklə,
«Sosial sığorta haqqında» qanuna dəyişikliklərə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi (65 manat), digər sahələrdə 25 faizi (32.5 manat) miqdarında;
2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi (325 manat) miqdarında;
4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
5. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;
6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi (7.80 manat) miqdarında.
Qanuna görə, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.