Azərbaycanda xidməti müqavilə ilə işləyənləri gələn ildən ciddi problemlər, daha dəqiqi böyük xərclər gözləyir.
FED.az xəbər verir ki, 2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlər böyük vergilərlə yanaşı, DSMF-ə böyük ödənişlər də etməli olacaqlar.
Eləcə də bax: Sahibkarların DSMF-ə ödənişləri - QAT-QAT ARTIRILIR – MƏBLƏĞLƏR
Belə ki, «Sosial sığorta haqqında» qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.
Xatırladaq ki, indiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20%-ni, yəni 26 manat təşkil edirdi.
Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olaraq vı 25% təşkil edəcək.
Baş verəcək dəyişikliyi micalla izah edək:
Bakıda xidməti müqavilə ilə çalışan və ayda 600 manat həcmində ödəniş alan şəxs, indiyədək DSMF-ə hər ay 26 manat ödəyirdi. Gələn ildən isə bu məbləğ ayda 150 manata yüksələcək.
Bundan başqa, indiyədək həmin şəxs, sadələşdirilmiş vergi ödəyicisi kimi, ödənişin (yəni 600 manatın) 4%-i həcmində, yəni 24 manat vergi ödəyirdi. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, isə gələn ildən həmin şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.
Başqa sözlə, xidməti müqavilə ilə işləyib ayda 50 manat vergi və DSMF pulu ödəyən şəxsin ödənişləri, dəyişkliklərdən sonra ayda 180 manata yüksələcək.