Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
FED.az xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Məktubda iş adamı iddia edir ki, keçmiş biznes tərəfdaşlarının qurbanı olub və onları korrupsiya əlaqələrində ittiham edib.
Mənbənin sözlərinə görə, 12 səhifəlik məktub Rusiya İstintaq Komitəsinin İsmayılova qarşı cinayətkar dəstə yaratmaq ittihamı irəli sürməyi planlaşdırması ilə əlaqəli ola bilər. “İstintaq zamanı İsmayılova qarşı cinayətkar dəstə təşkil etmək”lə bağlı qiyabi ittiham irəli sürülməsi üçün kifayət qədər sübut toplanıb. Bu, bir neçə gün ərzində baş verə bilər. Həmçinin, indi İsmayılovun yaxın ətrafına qarşı aktiv iş aparılır. Bizim biznesmenin qardaşı Fazil İsmayılova az sualımız yoxdur, lakin o, sorğu-sual üçün hazırda əlçatan deyil” deyə mənbə bildirib.
İsmayılov məktubunda bildirir ki, “Çerkizov” bazarı bağlandıqdan sonra ədalətsiz situasiya ilə qarşı-qarşıya qalıb. Belə ki, onun kiçik partnyorlarına bizneslərini davam etdirmələri üçün digər iri meydanlar ayrılsa da, ona heç nə verilməyib.
Bundan başqa, keçmiş tərəfdaşları əlaqələrindən istifadə edərək ona hücum etməyə başlayıblar, maliyyə durumunu sarsıdıblar. Hüquq-mühafizə orqanları xətti ilə təqib olunduğu üçün ölkəni tərk etməyə məcbur olub. Daha sonra isə iki nəfərin qətlində ittiham olunaraq axtarışa verilib.
İsmayılov eyni zamanda, ona qarşı irəli sürülən cinayət ittihamını qəbul etmədiyini yazıb.