İspaniyanın İbiza adasında milyon funt sterlinq dəyərində saatı oğurlanan gəncin kimliyi məlum olub.
FED.az Modern.az-a istinadən xəbər verir ki, soyğun hadisəsinin qurbanı “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu (Timur Əhmədov) olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi oğurlanan saatın sədr Saleh Məmmədovun oğluna məxsus olmaması ilə bağlı daha bir məlumat açıqlayıb.
Agentlikdən FED.az-a verilən məlumata görə, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb:
“Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğıu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar”.
Bildirilib ki, bu, yalan və cəfəngiyyatdan başqa bir şey deyil:
“Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King’s College-də təhsil almayıb.
Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür. Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir”.
Xarici mətbuatda hadisənin təfərrüatı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb.
Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb.
Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.
Oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır.