Son dövrlər ölkədə sahibkarlığa diqqətin artması bəzi iş adamlarının bölgələrdə dövlət-biznes münasibətləri barədə əlavı məlumat almasına ehtiyac yaradıb. FED.az xəbər verir ki, mərkəzi icra hakimiyyətlərinin toplandığı paytaxt Bakıdan fərqli olaraq bölgələrdə yerli icra hakimiyyətləri böyük səlahiyyətlərə malikdir. Və bölgələrdə iş qurmağa, yatırım etməyə hazırlaşan iş adamlarının bu barədə əvvəlcədən məlumat oalması faydalı olardı.
Bunun nəzərə alaraq FED.az regionlarda yerli icra hakimiyyətləri başçılarının bizneslə əlaqədar səlahiyyətlərini ixtisarla (sənəd çox böyükdür və tam variantına buradan baxmaq olar) xatırladır.
Yerli, yəni rayon və şəhər icra hakmiyyəti başçılarının bizneslə münasibətləri prezident İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 saylı fərmanı ilə təsdiqlədiyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilib.
Sənədin 4-cü hissəsi yerli icra başçısının səlahiyyətlərinə həsr edilib. Bu səlahiyyətlər müxtəlif məsələləri - ərazinin sosial-iqtisadi inkişafı, aqrar bölməni, , büdcə və maliyyə, istehlak bazarı və sahibkarlığı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, insanların sağlamlığı, əmək münasibətləri və əhalinin məşğulluğu, mənzil-kommunal təsərrüfatı və abadlaşdırma, təhsil və mədəniyyət, uşaq və gənclər siyasəti, idman, turizm və sair sahələrə aiddir.
Göründüyü kimi, icra hakimiyyətinin bizneslə münasibətləri bir neçə sahəni əhatə edir.
Eləcə də bax: Azərbaycanda Ali Məhkəmənin məşhur şirkətlə bağlı – QƏRARI LƏĞV EDİLDİ
Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində bizneslə əlaqəli səlahiyyətlər bunlardır:
- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə, saxlanılmasına və təmirinə nəzarəti həyata keçirmək;
- tabeliyində olan qazanxanaların müntəzəm olaraq işləməsinə, həmçinin, xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək;
- yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək;
- Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək;
- Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək;
- müvafiq ərazidə yerləşən çoxmənzilli binaların mülkiyyətçiləri tərəfindən idarəetmə forması müəyyən edilmədikdə və ya seçilmiş forma barədə qərarlar yerinə yetirilmədikdə, idarəedici təşkilatların müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etmək;
- mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək;
- tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq meydançaları və parklanma yerlərinin təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində səlahiyyətlər bunlardır
- tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək;
- məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək;
- müvafiq ərazidə istehsal və qeyri-istehsal təyinatlı tikililərin, yenidən qurulan obyektlərin, həmçinin mühəndis və nəqliyyat infrastruktur obyektlərinin tikintisinə dair investisiya proqramları layihələri ilə bağlı təkliflər vermək;
- tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq;
- təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək;
- memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək;
- qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək;
- tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək;
- I və II məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək;
- müvafiq ərazidə III məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək;
- "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq;
- müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək;
- "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, subyektlərə tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görülməsinə icazə vermək və belə icazə verildikdən sonra həmin subyektlərə abidələrin qorunması barədə göstərişlər vermək, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək;
Əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində səlahiyyətlər bunlardır:
- əməyin mühafizəsi və müəssisələrdə baş vermiş bədbəxt hadisələrin tədqiqi məsələlərində müvafiq nəzarət orqanları, həmkarlar ittifaqları təşkilatları ilə və bu sahədə digər səlahiyyətli qurumlarla qarşılıqlı əlaqədə iş qurmaq, bədbəxt hadisələrin baş verməsi səbəblərini araşdırmaq, onların təkrar baş verməsinin qarşısının alınmasına yönəldilən tədbirlər görmək;
- əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması üçün tədbirlər görmək, tabeliyində olan qurumlarda büdcə vəsaitləri və könüllü qaydada cəlb edilmiş vəsaitlər hesabına, digər mülkiyyət formalarında olan müəssisə, idarə və təşkilatlarda isə müqavilələr əsasında, işsiz kimi qeydə alınmış şəxslər üçün, habelə tələbə və gənclər üçün ödənişli ictimai işlər təşkil etmək.
İstehlak bazarı və sahibkarlığın inkişafı sahələrində səlahiyyətlər bunlardır:
- müvafiq ərazidə istehlak bazarını təhlil etmək və inkişafını proqnozlaşdırmaq, istehlak bazarının, o cümlədən ticarət, ictimai iaşə və əhaliyə məişət xidmətinin inkişafına dair ünvanlı proqramların hazırlanmasını, həmin proqramların həyata keçirilməsini təşkil etmək;
- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən:
- istehlakçıların şikayətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhətlər vermək;
- istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədi ilə satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri təhlil etmək;
- istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplamaq və onu aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərmək;
- istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən aidiyyəti dövlət orqanlarına xəbər vermək;
- istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq;
- müvafiq ərazidə əhali tərəfindən istehlak edilən mal və məhsulların keyfiyyətinə nəzarət işini və saxta məhsulların istehsalı və satışının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, habelə tütün məmulatlarının satışına lisenziya vermək, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, habelə tütün məmulatlarının belə razılıq olmadan satışını aşkar etdikdə, tədbirlər görmək;
- malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə yarmarkaların keçirilməsini təşkil etmək;
- kənd təsərrüfatı məhsullarının istehsalçılarına, bağçılıqla, bostançılıqla məşğul olan vətəndaşlara kənd təsərrüfatı məhsullarının satışında kömək göstərilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;
- müvafiq ərazidə rəqabətin və bazar iqtisadiyyatının inkişafı üçün şərait yaratmaq, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin yaradılmasına kömək göstərmək;
- müvafiq ərazidə kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək;
- əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində müvafiq tədbirlər görmək, digər növlərdən olan xidmətlərin inkişafına kömək etmək;
- elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;
- vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazidə müəssisə və təşkilatların inşa etdikləri elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək;
- “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin, rayonun su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı üzrə regional sxemləri hazırlamaq və təsdiq etmək, su təchizatı və kanalizasiya müəssisəsinə müəssisənin xidməti zonasının hüdudlarından kənarda fəaliyyətini həyata keçirməsinə səlahiyyət vermək, müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna, tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına, su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə vermək, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikintisinə razılıq vermək.