Dağıstanın Dərbənd rayonunun azərbaycanlı icra başçısı Məhəmməd Cəlilov iki sutkalıq həbs olunub.
FED.az xəbər verir ki, “Kommersant"ın yazdığına görə, o artıq xüsusi reyslə Moskvaya aparılıb. Cəlilov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə ittiham olunur və 3 fakt üzrə şübhəli bilinir.
İstintaq materiallarına əsasən, Məhəmməd Cəlilov 2015-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Qafqaz” federal yolunda yerləşən ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini qanunsuz olaraq qohumlarına verib. Torpaqların bazar dəyəri isə ümumilikdə 20 milyon rubladək qiymətləndirilir.
Eləcə də bax: “WikiLeaks”in qurucusu Culian Assanj həbs olunub
Cəlilovun həm yaşadığı ünvanda, həm də Dərbənd rayonunun administrasiyasında axtarışlar aparılıb.
Xatırladaq ki, Cəliləv ötən ilin martında da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələrinin qanunsuz mənimsənilməsi ittihamı ilə həbs olunub. 8 ay ev dustağı olan icra başçısının əməllərində cinayət tərkibi tapılmadığından ona qarşı ittihamlar aradan götürülüb və yenidən vəzifəsinə qayıdıb.