Bu ilin yanvar-dekabr aylarında Azərbaycana 1 milyard 428,2 milyon dollar dəyərində 73 min 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən) idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, hibrid avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 748,7 milyon dollar və ya 2,1 dəfə, miqdar ifadəsilə isə 47 min 481 ədəd, başqa sözlə 2,8 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkəyə 679,5 milyon dollar dəyərində 26 min 197 ədəd hibrid avtomobil gətirilmişdi.
Bu ilin yanvar-dekabr aylarının nəticələrinə görə idxal olunan bir hibrid avtomobilin orta qiyməti 19 min 385 dollar (təxminən 32 min 954 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 25 min 938 dollar (təxminən 44 min 094 manat) idi. Bu da illik müqayisədə 6 min 553 dollar (11 min 140 manat) və ya 25,3% ucuzlaşma deməkdir.










