Bu ilin yanvar-dekabr aylarında Azərbaycana 62,5 milyon dollar dəyərində 2 028 ədəd yalnız elektrik mühərrikli avtomobil (elektromobil) idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 59,1 milyon dollar və ya 48,6%, miqdar ifadəsilə isə 999 ədəd, başqa sözlə 33% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkəyə 121,6 milyon dollar dəyərində 3 min 027 ədəd elektromobil gətirilmişdi.
Bu ilin yanvar-dekabr aylarının nəticələrinə görə idxal olunan bir elektromobilin orta qiyməti 30 min 812 dollar (təxminən 52 min 380 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 40 min 174 dollar (təxminən 68 min 296 manat) idi. Bu da illik müqayisədə 9 min 362 dollar (15 min 916 manat) və ya 23,3% ucuzlaşma deməkdir.










