Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemi hazırlanır.
Sahibkarlara xəbərdarlıq: "Avtobusları yeniləyin!"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Qarabağda həm şəhərlərarası, həm də şəhərlər daxili sərnişindaşıma həyata keçirilməsi üçün işlər gedir: "Biz bununla bağlı müsabiqələr elan etmişik. Bərdə - Xankəndi, Bakı - Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə qalibləri elan ediləcək və tezliklə fəaliyyətə başlayacaq. Lakin həmin ərazilərdə proqnozlaşdırma aparmaq, sərnişin axınının istiqamətini müəyyənləşdirmək hələlik çox çətindir”.
A.Rzayev qeyd edib ki, yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək:
"AYNA tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı - Şuşa, Bakı - Ağdam, Bərdə - Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli) - Ağalı (Zəngilan), Horadiz (Füzuli) -Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.
İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır.Vətəndaşlar yolumuzqaraba.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər edə bilirlər. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər".