Bakı Limanının tikintisinin 2-ci mərhələsinin layihələndirilməsi üzrə işlər davam etdirilir.
Natiq Şirinov: "Son 7 ildə Bakı Limanında yükaşırma 2 dəfədən çox artıb"
FED.az xəbər verir ki, bu barədə Bakı Limanının baş direktoru Taleh Ziyadov bazar ertəsi jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu işlərin 2023-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
T. Ziyadov qeyd edib ki, layihə hazırlandıqdan sonra model təqdim olunacaq və Bakı Limanının inkişafı bu modelə əsasən davam etdiriləcək.
"Burada söhbət dövlət-özəl sektorun tərəfdaşlığından, yaxud 2-ci mərhələnin tamamilə dövlətimizin hesabına reallaşdırılmasından gedir", - o deyib.
T. Ziyadov 2-ci mərhələ çərçivəsində konteyner daşımalarına xüsusi diqqət ayrılacağını vurğulayıb.
"Bildiyiniz kimi, Çinlə Avropa arasında böyük sayda konteynerlər aşırılır və Azərbaycan bu prosesdə hab (qovşaq) rolunu oynayır. Bu gün limanımız 100 minədək konteyner aşıra bilir, 2-ci mərhələ reallaşdırıldıqdan sonra isə bu göstərici ildə 500 konteynerə çatacaq. Xatırladım ki, biz ötən il 62 min konteyner aşırmışıq ki, bu da 2-ci mərhələnin reallaşdırılmasına başlamağın zəruri olduğundan xəbər verir", - deyə o əlavə edib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Bakı limanı vasitəsilə 6,3 milyon tondan artıq yük aşırılıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 14 faiz artımdan xəbər verir. Bundan başqa, ötən ilin yekunlarına əsasən təqribən 52,3 min konteyner aşırılıb ki, bu da 2021-ci ildən 16 faiz yüksəkdir. Konteyner aşırılması üzrə göstəricinin stabil artımı ötürücülük qabiliyyətini 100 mindən 500 min konteynerə çatdıracaq böyük konteyner terminalının tikintisinin ortamüddətli və uzunmüddətli perspektivinin zəruri olduğundan xəbər verir. (Trend)