Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiyanın dövlət sərhədində “Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar”, həmçinin Azərbaycanın dövlət sərhədində “Samur”, “Xanoba” sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.
FED.az az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Samur sərhəd buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, “Xanoba” sərhəd-keçid məntəqəsinin yenidən qurulması iqtisadi əlaqələrinin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcək.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Aleksey Overçuk sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.
Tərəflər sənaye, ticarət, tranzit və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, yükdaşımalar, aksizli malların gömrük sərhədindən buraxılması, gəmiqayırmanın inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.