“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ili 228,4 milyon manat zərərlə başa vurub.
Eləcə də bax: Türkiyə Naxçıvana dəmir yolu xətti çəkmək istəyir
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ADY-nin əməliyyat gəlirləri 406 milyon manat (illik müqayisədə təxminən eyni), əməliyyat xərcləri 459,5 milyon manat (11,1 % az), digər xərcləri 171,2 milyon manat (34 % az), mənfəət vergisi ödəmələri isə 3,8 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 857 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,2 % çoxdur. Bunun 4 127,7 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2019-cu ildə bu rəqəm 18,25 % artıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,9 % azalaraq 2 979 milyon manata düşüb, balans kapitalı isə 54,4 % artaraq 1 milyard 878 milyon manata çatıb.