«Azərbaycan Dəmir Yolları» ilk dəfə olaraq elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük daşımağa başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı ölkənin dəmiryol operatoruna istinadən xəbər verir ki, ilk dəfə bu üsulla rəsmiləşdirilmiş yüklər Bakı Yük stansiyasından Səngəçal stansiyasına göndərilib.
Qurum bu yeniliyi «Azərbaycan Dəmir Yolları» üçün tarixi yenilik adlandırıb. Bildirilir ki, yük daşımalarında elektron qaimə sənədinin istifadəsi nəticəsində
-kağız sənədləşmə aradan qalxır;
-elektron sənədlər real vaxt rejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir;
-yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təmin edilir;
-sənədlərin tərtib olunması, qeydiyyatı, emalı və çatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.
ADY-nin əsas prioritetlərindən biri yaxın gələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyə cəlb edilməsidir.
Qeyd edək ki, şirkətin bu yeniliyi xüsusilə ölkə daxili daşımalarda tez-tez problemlərlə üzləşən sahibkar və biznes üçün sərfəlidir. Eyni zamanda ölkə biznes və sahibkarlar «Azərbaycan DƏmir Yolları»ndan dəmiryol yük daşımalarında tariflərinin aşağı salınmasını da gözləyir.