Avropanın təyyarə istehsalçısı olan "Airbus" iyul ayında cəmi 7 təyyarə sifarişi alıb ki, bu da iyun ayında qəbul edilən 207 təyyarə sifarişi ilə müqayisədə 29 dəfə azdır.
FED.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.
İlin əvvəlindən etibarən "Airbus"dan ümumilikdə 501 təyyarə sifariş edilib, lakin ləğv olunan sifarişlər nəzərə alındıqda bu rəqəmin 405 olduğu qeyd edilir.
Şirkətin müştərilərinə iyul ayında təyyarə təhvilləri 6,3 % artaraq 67 ədədə çatıb. İlin əvvəlindən isə 373 təyyarə təhvil verilib.
Qeyd edək ki, "Airbus" dünyada ən böyük aviasiya, kosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkətə sərnişin təyyarələri istehsal edən "Airbus SAS", müdafiə və kosmik sahə üzrə fəaliyyət göstərən "Airbus Defence and Space", həmçinin helikopter istehsalı ilə məşğul olan "Airbus Helicopters" bölmələri daxildir.