Azərbaycanda uzun müddətli fasilədən sonra ilk dəfə gecə qatarı istifadəyə verilib.
Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
«Azərbaycan Dəmir Yolları» ASC-nin məlumatına görə, yanvar ayından etibarən Bakı-Balakən-Bakı qatarı işə düşəcək.
FED.az xəbər verir ki, yeni dəmir yolu marşrutu Bakı-Balakən istiqamətində sərnişin daşımaları həyata keçirəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Məlumata görə, marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Bakı-Balakən qatarı üç fərqli sinif üzrə xidmətlər təklif edir: «Standard», «Standard+» və «Biznes».
Bu siniflər üzrə bilet qiymətləri «Standard» sinifi üçün 18-22 manat, «Standard+» sinifi üçün 27-33 manat, Biznes sinifi üçün isə 72-88 manat arasındadır. ADY-dan FED.az-a verilən məlumata görə, biletlərin qiyməti üzrə maksimal hədd müəyyən edilməyib, çünki bu məbləğlər tarixlərə və yataqların yerləşməsinə görə dəyişir. Məsələn, yuxarı yataqlar daha ucuz, aşağı yataqlar isə daha baha olur.
Hər bir sinifdə sərnişinlərə müxtəlif səviyyələrdə rahatlıq və xidmətlər təqdim edilir.
«Standard» sinifi sovet dövründəki «plaskart» vaqonlar tiplidir, burada qapılar yoxdur. «Standard»da sərnişinlərə qazsız su, nəm və quru salfetlər, qulaq tıxacları, yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) və dəsmal təklif olunacaq. Bu sinifdə, əlavə olaraq, səyyar satış xidməti də təklif edilir və sərnişinlər əlavə ödənişlə müxtəlif məhsullar sifariş edə bilərlər.
«Standard+» sinifi – indiyədək məlum olan kupelərdir, burada otaqlar dörd yataqlı və qapalıdır. «Standard»a daxil olan bütün xidmətlər «Standard+» da mövcuddur, əlavə olaraq sendviç, meyvə şirəsi, çay, su və kofe ödənişsiz təqdim edilir.
«Biznes» sinifi digər iki variantdan daha yüksək xidmət səviyyəsini təqdim edir. Burada «Standard» və «Standard+» sinifinə daxil olan bütün xidmətlərdən əlavə, diş fırçası, diş məcunu, yuxu maskası kimi əlavə vasitələr mövcuddur. Qidalanma baxımından sərnişinlərə sendviç və limitsiz çay, su, kofe, səhər yeməyi olaraq kükü və keks təqdim edilir.
Biznes sinifində otaqlar iki yataqlı və qapalıdır, amma əl-üz yuyan ümumi sanitar qovşağındadır.
Qeyd edək ki, gediş üçün ən yaxın tarix 3 yanvardır və həmin gün Balakənə getmək istəyən sərnişinlər Standard sinif bileti üçün 22 manat, Standard + sinifi üçün 33 manat, Biznes sinifi üçün isə 88 manat ödəməlidirlər.
Yanvar ayının əvvəlləri qiymətlər nisbətən bahadır, ay sonlarına yaxın isə daha münasib bilet tapmaq mümkündür. Belə ki, yanvar ayının 21-i tarixində bilet qiymətləri müvafiq olaraq Standard sinifi üçün 18 manat, Standard + sinifi üçün 27 manat və son olaraq Biznes sinifi üçün 72 manat təşkil edir.
Hələlik qatar işə düşmədiyinə görə, burada göstərilən xidmətlərin keyfiyyəti barədə əvvəlcədən danışmaq mümkün deyil. Əvəzində qiymətlərin yüksək olması diqqəti çəkir. Xüsusilə biznes sinfində qiymətlərin bir tərəf üçün 72-88 manat olması, burada göstərilən xidmətlə müqayisədə bahalıdır.