Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan hesab edir ki, Sünik vilayəti ərazisindən keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi çərçivəsində respublika ərazisində dəmir yolunun bərpası üçün təqribən $200 milyon vəsait lazım olacaq.
Eləcə də bax: Ermənistan üzərinə düşən öhdəliyi təsdiqlədi - Tezliklə Dəmir Yolu Çəkiləcək
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, “Hələlik konkret layihə və qiymətləndirmə yoxdur, amma Ermənistandan İrana dəmir yolu keçidinin təmiri üçün az məbləğ lazım olacaq. Mehri şəhəri ərazisində dəmir yolunun bərpası isə böyük məbləğdə sərmayə tələb edəcək. Bu sahədə keçmiş dəmir yolu tamamilə sökülüb, bu yol artıq avtomobil yoluna çevrilib. Düşünürəm ki, söhbət $200 milyondan gedir”, - deyə Kerobyan bu gün brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ən böyük məbləğdə investisiya Ermənistan sərhədindən Azərbaycan ərazisində Horadizə qədər dəmir yolunun tikintisi üçün nəzərdə tutulub.
“Orada da dəmir yolu tamamilə sökülüb. Bunun üçün $1 milyarddan artıq vəsait lazım olacaq”, - deyə erməni nazir əlavə edib.