Ötən il Azərbaycanda fərdi sahibkarların avtomobil nəqliyyatı ilə (avtobus və taksi minik avtomobilləri) sərnişin daşınmasından əldə etdiyi gəlirlərin həcmi 598 389,3 min manat təşkil edib.
Eləcə də bax: "Azərbaycan Dəmir Yolları" sərnişin daşımalarını - 33% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ilində fərdi sahibkarların sərnişin daşınmasına çəkilmiş xərclərin həcmi 266 799,5 min manat olub.
Məlumata görə, Bakı üzrə 2021-ci ildə fərdi sahibkarların sərnişin daşınmasından gəliri və çəkilmiş xərclər müvafiq olaraq 356 042,1 min manat və 168 656,2 min manat təşkil edib.
Qeyd olunur ki, 2021-ci ildə fərdi sahibkarlar tərəfindən avtomobil nəqliyyatı ilə 537 078,3 min sərnişin daşınıb, bir sərnişinə düşən məsafə isə 16,6 km təşkil edib. Bakı üzrə bu göstəricilər müvafiq olaraq 258 934,1 min nəfər və 14,8 km səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 119,9 mln. sərnişin daşınıb, bu da illik müqayisədə 1,8% çoxdur.