Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.
Azərbaycanda avtobus və metroda, nəqliyyatda gediş haqları bahalaşdı - YENİ QİYMƏTLƏR - CƏDVƏL
FED.az xəbər verir ki, məsələni şərh edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qiymətlərin tənzimlənməsi üçün müzakirələr bir müddət idi gedirdi.
"Bununla bağlı daşıyıcı şirkətlər müraciət etmişdi. Əsas səbəb isə pandemiya vaxtı daşıyıcı şirkətlər xeyli zərər görüblər. Hazırda şirkətlərin milyonlarla borcu var. Borclar əsasən yanacaq xərcləri ilə bağlıdı.
Bu da əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Daşıyıcıların özlərinin hesablamalarına görə bir sərnişinin daşınması 70 qəpiyə başa gəlir. Ötən tarif dəyişikliklərində bəzi avtobus marşrut xətlərində 50 qəpik tarif müəyyənləşdirilmişdi.
Hər bir gediş avtobusun köhnəlməsi deməkdir. Ehtiyat hissələrinin də qiymətləri ildən-ilə bahalaşır. Bundan başqa sürücüyə əmək haqqı verilir ki, bunlar hamısı xərcdir. Əvvəllər avtobuslar "plan" a işləyirdi. İndi isə dövlət tələb edir ki, avtobus sürücüsü səkkiz saatdan artqı işləyə bilməz. Buna görə daşıyıcı şirkətlər iki növbəli iş rejiminə keçiblər. Bütün bunlar əlavə xərc tələb edir.
Xüsusilə elektrikli avtobusların alınmasıyla bağlı daşıyıcı şirkətlər qarşısında məsələ qaldırırlar. Yeni avtobuslar, müasir daşıyıcılıq anlayışları günümüzdə aktualdır. Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, cari ilə nəzərə salsaq yalnız Bakı şəhərində 200-dən çox avtobus istismara verilib. Bundan başqa il ərzində 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır.
Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdə uzunluğu 65 km olan xüsusi avtobus zolaqları təşkil edilib.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək.
Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib.
Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılacaq.
Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir.
Metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur.
Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsız ödəniş və mobil tətbiqlərin – “AYNA” informasiya sistemi, “Azparking” və “biletim.az” da daxil olmaqla bir sıra rəqəmsal həllərin tətbiqinin xüsusi rolu olub.
Sərnişindaşıma sahəsində aparılan islahatlara nəzər salsaq, bu sahəyə dövlətin dəstəyi ilə metro və avtobuslarla sərnişin daşınmalarını 15%-ə yaxın artırıb.
Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib
İşğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib.
Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək. (Trend)