Amerikanın “Wabtec” şirkəti Qazaxıstanın nəqliyyat və logistika sənayesinə təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Azərbaycan Qazaxıstana gəmi verib - LOKOMOTİV ALACAQ
FED.az xəbər verir ki, bu barədə Nyu-Yorkda şirkətin rəhbəri Rafael Santana ilə görüşündən sonra Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Santana dövlətimizin başçısına Qazaxıstanda hidrogen texnologiyalarından istifadə edən lokomotivlərin və onların komponentlərinin istehsalının işə salınması, mühəndislik mərkəzinin yaradılması və texnologiya transferi üzrə hazırlanmaqda olan investisiya layihələri barədə məlumat verib. Qasım-Jomart Tokayev şirkətin nəqliyyat və logistika sənayesinə təxminən 1 milyard dollar sərmayə yatırmaq planlarını alqışlayıb və bunun Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına töhfə verəcəyini və digər infrastruktur layihələri üçün əsas olacağını qeyd edib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Qazaxıstan liderinin ABŞ-a səfəri çərçivəsində “Qazaxıstan Dəmir Yolları” şirkəti ilə nəqliyyat və logistika sahəsində dünya liderlərindən biri olan “Wabtec” şirkəti arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Tokayev gələn həftə Nyu-Yorka işgüzar səfəri zamanı BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində çıxış edəcək, həmçinin Mərkəzi Asiya-ABŞ sammitində iştirak edəcək.
"Wabtec" yük və tranzit dəmir yolu sektorları üçün avadanlıq, sistemlər, rəqəmsal həllər və əlavə dəyər xidmətləri göstərən aparıcı qlobal təchizatçıdır. Şirkətin fəaliyyəti 150 ildən çox təcrübəyə əsaslanır. "Wabtec"in dünyanın 50-dən çox ölkəsində 27 000-dən çox işçisi var. (Marja)