Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sosial şəbəkələrdə qurumun ünvanına səsləndirilən ittihamlarla bağlı açıqlama yayıb.
Eləcə də bax: DANX: "İcazə" defisitinə dair çətinlik yaxın vaxtlarda aradan qaldırılacaq"
FED.az xəbər verir ki, açıqlamada deyilir ki, DANX-ın və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları eyni şirkətə məxsus bir neçə avtonəqliyyat vasitəsinin qanunvericiliyə əsasən tələb olunan “Fərqlənmə nişanı” almadan yükdaşıma xidməti göstərdiyini aşkar edib. Şirkətin nümayəndəsi daşıma fəaliyyətinə görə qanunvericiliklə nəzərdə tutulan “Fərqlənmə nişanı” olmadan xidmət göstərdiklərini təsdiqləyib.
"Bundan sonra, Mehman Məmmədov adlı və soyadlı kənar şəxs əməkdaşlara yaxınlaşıb, telefonla video çəkiliş edərək iradlar bildirib, onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olub. Əməkdaşlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edildiyini bildirdikdə o, tələsik ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı müvafiq akt tərtib edilib və araşdırma aparılır. Bundan sonra M.Məmmədov sosial şəbəkələrdə DANX və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili”nə qarşı böhtan xarakterli paylaşımlar edib.
Daha bir oxşar hadisəni isə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq alan dövlət şirkətinin mütəxəssisi İsmayılov Azər Paşa oğlu təkrarlayıb. O, DANX-ın işgüzar nüfuzuna xələl gətirmək üçün məqsədyönlü şəkildə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar paylaşıb. Onun səsləndirdiyi əsassız ittihamlarla bağlı bildirmək istəyirik ki, DANX bu ilin fevralın 1-dən “Fərqlənmə nişanı”nı həm də onlayn qaydada vermir. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.
A.İsmayılov əsassız ittihamlarla şantaj və hədə-qorxu yolu ilə işə bərpa olunmasını tələb edir. O, şəhid ailəsi üzvü olduğunu bildirib. Lakin araşdırmalar nəticəsində bunun yalan olduğu müəyyən edilib. Həm A.İsmayılovun, həm də M.Məmmədovun bu hərəkətləri yalan, şər və böhtan xarakterli olmaqla qurumun işgüzar nüfuzuna və mənafeyinə xələl gətirir. Qanunamüvafiq tədbirlər görülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək".