Azərbaycan avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən şirkətlərə "İcazə" verilməsində yaranmış çətinliklər yaxın vaxtlarda aradan qaldırılacaq.
FED.az "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev bildirib.
Onun sözlərinə görə, hökumət defisit “İcazə”lərlə bağlı aidiyyatı ölkələrlə danışıqlar aparır, xüsusilə Türkiyə və Rusiya istiqamətində müşahidə edilən bu problem tezliklə həll olunacaq.
A.Rzayev bu barədə nazirliyin və ABADA-nın daşıyıcı şirkətlərlə keçirdiyi görüşdə danışıb. Görüşdə həmçinin nazir müavini Rəhman Hümmətov iştirak edib. O, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsini bu sahədə mühim addımlardan olduğunu qeyd edib.
ABADA-nın prezidenti Həbib Həsənov isə RİİN ilə imzalanmış memorandumun avtomobil daşımalarının inkişafı və yerli daşıyıcıların maraqlarının qorunması istiqamətində vacib addım olduğunu diqqətə çatdırıb. Memorandumun imzalanmasından keçən 11 ay ərzində beynəlxalq yükdaşımalar sahəsində görülən işlərə toxunan ABADA prezidenti ölkə üzrə yük nəqliyyat vasitələrinin vahid reyestrinin formalaşdırıldığını deyib.
H.Həsənov bu sistem vasitəsilə beynəlxalq yükdaşımaları icra edən yük avtonəqliyyat vasitələri ilə bağlı ətraflı məlumatların əldə edildiyini bildirib. Daşıyıcıların assosiasiya ilə kommunikasiyalarını genişləndirmək və operativ əlaqə üçün sosial media hesabları, qaynar xətt və sms xidmətlərinin tətbiq edildiyi qeyd edilib. (Report)