Belarusun nəqliyyat naziri Aleksey Avramenko azərbaycanlı həmkarı Rəşad Nağıyev ilə ölkələr arasında müntəzəm uçuşların bərpasını müzakirə edib və Bakıdan Nyu-Yorka reysi Minsk üzərindən təşkilini təklif edib.
Eləcə də bax: Belarus Bakı metrosu üçün qatarlar tədarük etməyə - Hazırdır
FED.az xəbər verir ki, bu barədə Belarus Nəqliyyat Nazirliyindən məlumat verilir.
“Danışıqlar zamanı tərəflər aviasiya sahəsində əməkdaşlığı – Belarus və Azərbaycan arasında pandemiyadan öncəki səviyyədə müntəzəm uçuşların bərpasını müzakirə ediblər. Hazırda Minsk və Bakı arasında müntəzəm hava əlaqəsini “Belavia” Aviaşirkəti” ASC təmin edir”, - nazirlikdən bildiriblər.
Belarus naziri AZAL şirkətinin Bakı-Minsk-Nyu-York-Minsk-Bakı transkontinental reysinin təşkili imkanını nəzərdən keçirməyi təklif edib. Avramenko yaxın zamanda bu istiqamətdə konkret addımlar üzərində işləməyi təklif edib.
“Aeroportun yaxşı inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a reyslər nəinki dövlətlərimizin vətəndaşları, həm də Baltik ölkələrdən olan sərnişinlər üçün cəlbedici ola bilər”, - Avramenko bildirib.
Dəmir yolu nəqliyyatına gəlincə, bu günə Belarus Dəmir Yolları tərəfindən Azərbaycanla dəmir yolu daşımalarının təşkili və inkişafı, o cümlədən Minsk-Bakı marşrutu ilə konteyner qatarlar layihəsi çərçivəsində zəruri şəraitin yaradılması üzrə iş aparılıb.
Bundan başqa, “Beljeldorproekt” İnstitutu” artıq “ADY” QSC-nin simasında Azərbaycan tərəfi ilə əməkdaşlıq edir və dəmir yolu infrastrukturunun layihələndirilməsi üzrə gələcəkdə işləməyə, həmçinin bütün analoji layihələrdə iştirak etməyə hazırdır.
“O cümlədən, görüşdə avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub. Söhbət yol təsərrüfatı barədə gedib, xüsusilə “Belqiprodor” müəssisəsi avtomobil yolları, körpü və aerodromların tikintisi üçün layihə-kəşfiyyat işlərinin icrasında hazırlığını ifadə edib”, - nazirlikdən vurğulanıb.
Ümumilikdə, tərəflər strateji tərəfdaşlığın birgə nöqtələrinin işlənməsinda maraq və yeni əlaqə istiqamətlərinin inkişafı məqsədilə layihələrin reallaşdırılmasında hazırlığı təsdiq ediblər. (İnterfaks)