Belarusun baş nazirinin müavini İqor Petrişenko bu gün Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib.
Eləcə də bax: “Bakı Metropoliteni”ndə Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM
FED.az xəbər verir ki, "Keçən il pandemiya şəraitində ölkələrimiz arasında ticarət dövriyyəsi $447 milyon təşkil edib", - deyə Petrişenko bildirib.
O, iki dövlətin ticarət-iqtisadi əməkdaşlıq, maşınqayırma, tikinti və enerji sahələrində böyük potensiala malik olduğunu vurğulayıb. "Bizim neft təchizatı ilə bağlı müəyyən problemlərimiz olanda Azərbaycan bizə kömək edib. SOCAR şirkəti "Belneftexim" konserni ilə birlikdə qısa müddət ərzində logistika sistemi hazırlayıb", - deyə baş nazirin müavini qeyd edib.
Petrişenko əlavə edib ki, Belarus Bakı metropoliteni üçün qatarlar tədarük etməyə hazırdır.
"İstehsal kooperasiyası və təchizatla yanaşı, kənd təsərrüfatı sahəsində də qarşılıqlı fəaliyyət fəal şəkildə inkişaf edir. Bizim məhsullarımız Azərbaycan bazarında özünü doğruldub. Xüsusilə istehlakçılar Belarus süd məhsullarını çox sevirlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Belarus və Azərbaycan səhiyyə və əczaçılıq sahələrində qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdir. “Biz Azərbaycan bazarı üçün lazım olan dərman vasitələri tədarük etməyə hazırıq. Keyfiyyət parametrlərinə görə onlar bütün dünya standartlarına cavab verir, yalnız qiymət daha uyğundur. Biz, həmçinin koronavirusa qarşı vaksinlərin tədarükündə də maraqlıyıq. İndi biz “Sputnik V” texnologiyası əsasında öz vaksinimizin istehsalını təşkil edirik. Hesab edirəm ki, istehsal obyektləri daxili tələbatın ödənilməsi ilə yanaşı, bizə dost olan ölkələrin bazarlarına çıxmağa da imkan verəcək”, - deyə baş nazirin müavini bildirib.
Petrişenko Belarus ilə Azərbaycanın təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığa hazır olduğunu bildirib. (İnterfaks)