“Bakı Metropoliteni” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə şəhərimiz üçün mühüm bir layihənin həyata keçirilməsinə başlayıb.
Eləcə də bax: Azərbaycanda su problemini - BELƏ HƏLL ETMƏK OLAR – TƏKLİFLƏR - STATUS
FED.az xəbər verir ki, QSC-dən bildirilib ki, texniki məqsədlər, xüsusilə yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından səmərəli istifadə olunmasını nəzərdə tutan layihə üzrə ilk mühüm addım “Nizami” stansiyasının yerləşdiyi ərazidə atılıb.
Mürəkkəb hidrogeoloji şəraitə malik Bakı yeraltı qrunt suları ilə zəngindir və onun ən çox təsir etdiyi sahələr arasında metropoliten xüsusi çəkiyə malikdir. Yeraltı nəqliyyat vasitəsi kimi metropolitendə bu sular texnoloji prosesə uyğun olaraq, müəyyən edilmiş mənbələrə istiqamətləndirilir və xüsusi mühəndis-texniki qurğularda nasoslar vasitəsilə kənarlaşdırılır.
Ölkədə su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasını daim diqqət mərkəzində saxlayaraq, böyük layihələrin təməlini qoymuş Prezident İlham Əliyev aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans müşavirəsində məsəlinin aktuallığını nəzərə alaraq, xüsusi tapşırıqlar verib, su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılması barədə qərarını açıqlayıb. Komissiya aidiyyəti qurumlarla konkret tədbirlər planı hazırlamalı və müvafiq addımlar atmalı idi. Ölkə başçısının tapşırıq və tövsiyələrini ciddi şəkildə diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC rəhbərliyini daim düşündürən məsələlərdən biri də məhz yeraltı qrunt sularından səmərəli istifadədir. Artıq bir neçə ildir ki, həm ölkə paytaxtı üçün xüsusi əhəmiyyət kəsb edən ekoloji məsələlərə töhfə vermək, həm müvafiq şəhər təsərrüfatı sahələrinin inkişafına dəstək olmaq, həm də əldə olunacaq qənaətlə Bakı metropoliteninin iqtisadi inkişafına müəyyən dəstəyi təmin etmək məqsədilə “Bakı Metropoliteni” QSC rəhbərliyinin təşəbbüsü ilə bu istiqamətdə bir sıra texniki araşdırmalar, təhlillər aparılır, çıxış yolları axtarılır. Dövlətimizin başçısının tapşırığı ilə yaradılmış komissiyanın fəaliyyətinə dəstək olan “Bakı Metropoliteni” QSC rəhbərliyi qrunt suları ilə zəngin olan metropolitenin bu imkanlarından geniş istifadə olunması təklifini irəli sürüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından iştirakı ilə aparılan müvafiq təhlillər və araşdırmalardan sonra metropolitendə intensiv əməli işlərə başlanılıb.
İlkin mərhələdə qısa müddətdə qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi “Nizami-Elmlər Akademiyası” mənzilində qrunt sularının tərkibinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası şəraitində öyrənilməsi və müsbət rəyin alınmasından sonra layihənin icrasına start verilib.
“Nizami” stansiyası və müvafiq yol mənzilində yerləşən mühəndis-texniki qurğulardan suyun nəql edilməsi məqsədilə 114 millimetr diametrində dəmir borulardan 70 metr uzunluğunda xətt çəkilib, 100 millimetrlik siyirtmələr qoyulub. Həcmi nəzərə alınmaqla ötürüləcək suyun toplanması üçün 60 ton tutumlu çən quraşdırılıb. Suyun xüsusi maşınlara doldurulmasını sürətləndirmək üçün çənin çıxışı müvafiq texniki parametrlərə cavab verən nasosla təmin edilib. Burada doldurulan ilk su maşınları artıq paytaxtın yaşıllaşdırılması üçün vacib olan işlərə töhfəsini verməyə başlayıb.
İstifadəyə verildiyi 53 il ərzində paytaxtın rəmzlərindən birinə çevrilən, əsas nəqliyyat vasitələrindən biri kimi insanların şəhərdə hərəkətinin rahatlığını təhlükəsizliyini və sürətini təmin edən, Bakının memarlıq görkəminə xüsusi cizgilər qatan Bakı metropoliteni daha bir vacib sahəyə fayda verməyə başlayıb.
Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq bu layihənin həyata keçirilməsi davamlı olacaq. Metroda qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir.
Beləliklə, bundan belə metropoliten tunellərindən kənarlaşdırılaraq, şəhər kanalizasiyasına axıdılan yeraltı sular Bakının yaşıllaşdırılmasına xidmət edəcək. Bu layihə sudan istifadədə qənaətə nail olmaqla yanaşı, Bakının yaşıllıqlara bürünməsində, ağacların qurumasının qarşısının alınmasında, ekoloji tarazlığın bərpa olunmasında, eyni zamanda paytaxtın sosial-iqtisadi rifahının yüksəlməsində böyük rol oynayacaq.