Noyabrın 3-də Pakistanın Azərbaycandakı səfiri Bilal Hayen AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşüb.
Eləcə də bax: Bakıdakı aeroport məhdud iş rejiminə keçir, aviareyslər ləğv edilir
AZAL-dan FED.az-a bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.
Səfir Cahangir Əsgərova bildirdi ki, təkcə 2019-cu ildə Pakistanın 40 mindən artıq vətəndaşı Azərbaycanı ziyarət edib və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq.
Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd etdi.
Danışıqlar zamanı Cahangir Əsgərov qeyd etdi ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.
2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif etdi.
Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranmışdır. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.