Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı müvəqqəti olaraq məhdud iş rejiminə keçir.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar AZAL-ın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-na qədər (həmin gün daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.
Eyni zamanda, aviaşirkətin oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın 2-nə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.
Ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və yaxud ödənilmiş vəsaiti geri ala bilərlər.
Bundan əlavə, "Fly Dubai" şirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot" şirkəti 1 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" şirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.
Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adı çəkilən aviaşirkətlərə müraciət edə bilərlər.