Azərbaycanla Özbəkistan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan) dəmir yolu qurumlarının iştirakı ilə yaradılmış CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yük daşımaların həcminin artırılması müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, bu barədə Azərbaycanla Özbəkistan arasında bu gün Bakıda keçirilən nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun iclasında bildirilib.
İclasda vurğulanıb ki, daşıma şərtlərinin yaxşılaşdırılması və infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-15 fevral tarixlərində ölkəmizdə işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun həmsədrliyi ilə iki ölkə arasında nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.
Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur Dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib.
Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-də olub.
Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin səfəri çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Bakı Gəmiqayırma Zavodunda da görüşlərin keçirilməsi planlaşdırılır.