Azərbaycan və İran arasında Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: Azərbaycanla İran arasında yeni - GÖMRÜK MƏNTƏQƏSİ YARADILIR
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev çərşənbə günü İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.
“Görüşdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib”, - məlumatda qeyd olunur.
“Görüş zamanı tərəflər arasında Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb”, - Nazirlər Kabinetindən məlumat verilir.
Astaraçay üzərində körpü “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponentidir və avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.